Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (BSEC) üzv dövlətlərinin yayım tənzimləyici orqanlarını özündə birləşdirən platformanı yaratmaq üçün Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK) tərəfindən hazırlanmış layihə-təklif BSEC üzv dövlətlərinə təqdim olunmuşdu. Bunun ardından, təklif BSEC İnformasiya və Kommunikasiya Texnologiyaları İşçi Qrupunun 4-5 dekabr 2007-ci il tarixlərində Ukraynanın Kiyev şəhərində keçirilmiş iclasında qəbul olunmuşdur. 

Bu kontekstdə, BSEC üzv dövlətlərinin yayım tənzimləyici orqanları 2008-ci il 30 iyun tarixində BSEC Baş qərargahında toplanmış və Qara Dəniz Yayım Tənzimləyici Orqanların Forumu olan BRAF-ın yaradılmasını elan edən Birgə Deklarasiyanı qəbul etmişlər. Bütün üzv dövlətlərin nümayəndələri hər il gələcək əməkdaşlıq və yayım sektorunda əsas məsələlərin müzakirəsi məqsədilə BRAF-ın illik iclasını keçirmək qərarına gəlmişlər. 

Bunun ardınca, 2009-cu il 25-26 iyun tarixlərində Antalyada BRAF-ın 1-ci İllik Konfransının iclası keçirilmişdir. İclasadan əvvəl BRAF Nizamnaməsinin yekun layihəsini hazırlamış Ekspertlər Komitəsinin iclası olmuşdur. BRAF-ın Nizamnaməsinin yekun layihəsi 26 iyun 2009-cu il tarixində Tənzimləyici Orqan Rəhbərlərinin görüşündə 1 sentyabr 2009-cu il tarixədək hər hansı tərəfdən dəyişiklik edilməsinə açıq olmaq şərti ilə qəbul edilmişdir. Bu tarixdən etibarən BRAF-ın Nizamnaməsi qəbul edilmiş sayılır. 

Nizamnaməyə əsasən, hər il bir üzv dövlət İllik Konfransın iclaslarına ev sahibliyi etməyi öz öhdəsinə götürür. İcraiyyə Komitəsi kimi Avropa Birliyində tətbiq olunan “üçlük” qəbul olunur ki, bu da hazırki sədr, onun sələfi və xələfindən ibarət olur. 2009-cu ildə İllik Konfrans Türkiyənin sədrliyi altında keçmişdir. Daha sonra Yunanıstan sədrliyi qəbul etmiş və 2010-cu ilin iclaslarını keçirməyi öz öhdəsinə götürmüşdür. Lakin 2010-cu ilin iclası Yunanıstanda olan və hələ də agır nəticələri davam edən iqtisadi böhran səbəbindən keçirilmədi. 

Belə bir vəziyyətdə, BRAF Daimi Katibliyi (BRAF PS) 2011-ci ilin may ayının 12-də bütün üzv dövlətləri məlumatlandırmış və üzvlərə 2011-ci il üçün sədrliyi könüllü olaraq  öz üzərinə götürməsi ilə bağlı müraciət etmişdir. Bu məsləshətləşmələr nəticəsində Gürcüstan BRAF sədrliyini və 2011-ci ilin iclasını təşkil etməyi üzərinə götürmüşdür.